baxis sayi

8 Haziran 2011 Çarşamba

İSLAM BİRLİYİ NECƏ OLMALIDIR?

19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində baş verən iki dünya müharibəsi, bu müharibələrdə həlak olan milyonlarla insan, yandırılan şəhərlər, yerlə bir olan yaşayış məntəqələri, vəhşiliyin normal qəbul olunduğu əsir düşərgələri insanlıq tarixi üçün ibrətdir. Bu müharibələrin mərkəzində olan qərb dünyası bu tarixi dramdan çox vacib nəticələr çıxardı. Bu nəticələrin ən mühümü ittifaq barəsində idi. İttifaq, gələcəkdə meydana çıxa biləcək problemlərin daha asan və qısa müddətdə həllini mümkün edirdi. Əvvəllər, müxtəlif Avropa ölkələri öz aralarında ittifaq qurmağa çalışsalarda bu ittifaqlar, bəzən mənfəət münasibətləri, bəzən də ideoloji səbəblərdən uzun ömürlü olmamışdı. Ancaq qərb dünyası qurulacaq ittifaqın iqtisadi əməkdaşlıqdan və ya hərbi müdafiə paktından daha çox Avropanın ortaq mədəni dəyərlər ətrafında birləşməsinin zəruri olduğunun fərqində idi. Əlbəttə bu uzunmüddətli və çətin dövr idi.


Müharibə Avropa iqtisadiyyatını iflic etmiş, sənayesi demək olar ki, çökmüşdü. Dağıdılan yüzlərlə şəhər yenidən qurulmalı, infrastruktur bərpa edilməli, təhsil və sağlamlıq ocaqları yaradılmalı idi. Bundan başqa Avropada müharibə başa çatsa da müstəmləkələrdə müstəqillik hərəkatı başlamışdı. Mövcud şəraitdə sabitliyin təmin edilməsi və birlik meydana gətirmək çox çətin görünürdü. 1951-ci ildə sənayenin inkişafını təmin etmək məqsədi ilə qurulan Avropa Kömür və Polad Birliyi bu cəhdin ilk addımı oldu. Sonradan Avropa İqtisadi Birliyinə və ən son olaraq da Avropa Birliyinə çevrilən bu ittifaq, üzv ölkələr arasında məhsulların, xidmətin, sərmayə və iş qüvvəsinin sərbəst hərəkətini təmin edən, vahid valyutaya, ortaq hüquqi anlayışa sahib güclü birliyə çevrildi. Bu gün Avropa Birliyi dünya siyasətinin istiqamətləndirən ünsürlərindən biridir.

Avropa Birliyi modeli İslam dünyasının quracağı ittifaq üçün də nümunə model olaraq qəbul edilə bilər. 56 müsəlman ölkənin üzv olduğu İslam Konfransı Təşkilatı üzvlərin sayı və yayıldığı ərazi baxımından ən böyük müsəlman təşkilatıdır. Bu təşkilatdan əlavə eyni coğrafiyada yaşayan müsəlman ölkələr arasında müxtəlif siyasi və iqtisadi əlaqələr yaradılmış, regional ittifaqlar qurulmuşdur. Bu təşkilatların fəaliyyət göstərməsi çox əhəmiyyətli və faydalıdır. Ancaq İslam dünyasının daimi qurumları olan, birləşdirici qərarları vermək səlahiyyətinə sahib, ortaq siyasəti inkişaf etdirib bunları tətbiq edəcək, bütün müsəlman dünyasının ortaq səsi olacaq, yalnız müəyyən bölgələrin deyil, bütün müsəlmanların problemləri ilə maraqlanıb bu problemlərə çıxış yolu tapacaq daha əhatəli birliyə ehtiyacı vardır. Bu birliyin fəaliyyəti iqtisadi, siyasi və ictimai sahələri əhatə etməlidir. Birlik sayəsində müsəlman ölkələr arasında razılaşma və uzlaşma qurulacaq, həmrəylik ruhu inkişaf etdiriləcəkdir. Beləliklə əvvəlcə birliyə daxil olmuş ölkələrin təhlükəsizlik problemləri həll olunacaq, daha sonra da çox-istiqamətli fəaliyyət növləri ilə üzvlərin rifah səviyyəsinin yüksəlməsi təmin ediləcəkdir. İslam dünyası bilavasitə və ya dolayısı ilə tək bir bədən olaraq hərəkət edəcək, müsəlman cəmiyyətlərin lehinə strategiyaların inkişaf etdirilməsi mümkün olacaqdır.

20-ci əsrin ikinci yarısında başda Fələstin olmaqla Bosniya, Kosova, Qarabağ, Kəşmirdə və s. yaşananlar müsəlman dünyasını acı həqiqətlə qarşı-qarşıya gətirmişdir. Minlərlə insanın həyatını itirdiyi, uşaqların yetim qaldığı, vəhşiliyin və şiddətin zirvəyə çatdığı bu bölgələrdə qərb dünyasının bu insanlıq faciəsinə ya heç, ya da çox gec reaksiya verməsi, lazımı tədbirlərin görülməməsi, İslam dünyasının önəmli məsuliyyətini müsəlmanlara bir dəfə daha xatırlatmışdır. Müsəlman xalqların haqqlarının qorunması, ehtiyaclarının təmin edilməsi hər kəsdən əvvəl digər müsəlmanların məsuliyyətidir və İslam dünyasının bu barədə son dərəcə aktiv fəaliyyəti zəruridir. Müsəlman ölkələrin bütün müsəlmanların təhlükəsizliyini zəmanət altına alacaq gücə malik olması ancaq İslam dünyasının beynəlxalq siyasətdə tək bir səs olaraq təmsil olunması ilə mümkündür
İslam dünyası siyasi və iqtisadi olaraq tək blok olmaq məcburiyyətindədir. Öz daxilində birliyi təmin etmiş İslam dünyası dünya sülhünün də zəmanətçisi olacaq, bəzi radikal ünsürlər və "mədəniyyətlər qarşıdurması"nın tərəfdarları isə istədikləri mühitə nail ola bilməyəcəklər.

Hiç yorum yok:

Yorum Gönder